AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AHİ) VII Qurultayı keçirilib. Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri, millət vəkili, iqtisad elmləri doktoru, professor Səttar Möhbalıyev, AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın Veteranlar Şurasının, Gənc Alim və Mütəxəssislər Şurasının, İlk həmkarlar təşkilatının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin gündəliyi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, qurultayın məqsədi AHİ-nin 2012-2017-ci illərdəki fəaliyyətinə dair hesabatının dinlənilməsi, qurumun rəhbər orqanlarının yeni tərkiblərinin seçilməsi, həmçinin digər təşkilati məsələlərin müzakirəsidir.

Sonra AHİ-nin sədri vəzifəsini icra edən, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov qurumun beş illik fəaliyyətinə dair hesabatla çıxış edib. Natiq ötən müddətdə AHİ tərəfindən üzvlərin sosial-iqtisadi maraqlarını təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirildiyini bildirib. H.Qurbanov sosial vəziyyəti aşağı olan əməkdaşlara maddi yardımın verildiyini, üzvlərin asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə ölkəmizdə və xaricə tur səfərlərinin, müxtəlif idman növləri üzrə yarışların, bayram şənliklərinin təşkil edildiyini vurğulayıb.

Məruzə dinləndikdən sonra açıq səsvermə yolu ilə beş illik fəaliyyət qənaətbəxş hesab edilib.

Daha sonra AMEA AHİ-nin sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə Habil Qurbanov qurumun sədri seçilib. Qurultayda həmçinin AMEA AHİ məclisinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibi təsdiq edilib, qurumun Rəyasət Heyəti seçilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA AHİ-nin Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında olub. Məsələ ilə bağlı çıxış edən Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri Sitarə Bağırova Nizamnamənin iki bəndində ediləcək dəyişikliklər barədə Qurultay iştirakçılarına məlumat verib. Sonra açıq səsvermə yolu ilə Nizamnamədəki dəyişikliklər təsdiqlənib.

Tədbirdə, həmçinin digər təşkilati məsələlər müzakirə olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə