Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Noyabrın 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. Rusiya Federasiyasının Sankt-Peterburq nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

SİA-nın məlumatına görə, həmin gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, maliyyə, konsaltinq, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 80-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-ə yaxın biznes forum və işgüzar görüşlərin keçirildiyini vurğulayan nazir müavini hazırkı işgüzar görüşün iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Rusiya Federasiyasının Sankt-Peterburq nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçev yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin və biznes

İqtisadiyyat Nazirliyi forumların əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının İcraçı direktoru Çingiz Məmmədyarov “Azərbaycanda biznes imkanları” və “X5 Retail Group” marketlər şəbəkəsinin Şimal-Qərb ölkələri üzrə filialının baş direktorunun müavini Olqa Volkova “İri marketlər şəbəkələrinin rəflərinə necə çıxmalı" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə Sankt-Peterburqa aid film nümayiş olunub.

İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə