Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Oktyabrın 20-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib. Tədbirdə Azərbaycan və Ukraynadan rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

İşgüzar görüşdən əvvəl Ukrayna nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin 400 mln. dollar təşkil etdiyini və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını vurğulayıb. Qeyd edilib ki, ticarət əlaqələrinin genişləndirilməsi üçün potensial daha böyükdür. Nazir Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradıldığını, Azərbaycanda Ukrayna kapitallı 116 şirkətin fəaliyyət göstərdiyini bildirib. İndiyədək Azərbaycan Ukrayna iqtisadiyyatına 200 mln. dollar, Ukrayna isə Azərbaycan iqtisadiyyatına 25 mln. dollar investisiya yatırıb. SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Nazir Şahin Mustafayev qeyd edib ki, Ukraynada Azərbaycan Ticarət Evinin yaradılması ilə bağlı işlər aparılır. Artıq Ticarət Evinin qeydiyyatı tamamlanıb və ticarət evinin yerləşəcəyi yer müəyyənləşdirilir.

Nazir Şahin Mustafayev Ukrayna iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Bildirilib ki, kənd təsərrüfatı, sənaye, tranzit, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq imkanları genişdir. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sahəsi üzrə ixtisaslaşmış sənaye parkında investorlar üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, bu sahədə Ukrayna ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün keçirilən Ukrayna-Azərbaycan işgüzar görüşü də iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukrayna Baş nazirinin müavini, iqtisadiyyat və ticarət naziri Stepan Kubiv Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin genişləndirilməsi üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində Azərbaycanın müxtəlif sənaye müəssisələrində və sənaye parklarında olduğunu qeyd edən Stepan Kubiv ölkəmizdə sənayenin innovativ inkişafını müsbət qiymətləndirib. Ukrayna iqtisadiyyatı, müxtəlif sahələrdə aparılan islahatlar barədə məlumat verən Stepan Kubiv energetika, tranzit, əczaçılıq, gəmiqayırma və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan və Ukrayna iş adamlarının sualları cavablandırılıb, əməkdaşlığa dair təklifləri dinlənilib.

İşgüzar görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukrayna Respublikasının “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...