Azərbaycan neft hasilatının azaldılmasına dair təşəbbüsə qoşulub

"Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır".

SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan neft bazarının stabilləşməsində maraqlıdır: "Bizdə olan məlumata görə, cari ilin noyabr ayına OPEC-də Nazirlər Şurası səviyyəsində növbəti iclasın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfinə dəvət gəldiyi halda, müvafiq razılaşdırılmadan sonra bu tədbirdə iştirak edə bilər. Sözsüz ki, neft bazarında tarazlığın əldə olunmasına yalnız bir ölkə nail ola bilməz. Bu baxımdan beynəlxalq formatda əməkdaşlığa ehtiyac var. Azərbaycan neft hasilatının azaldılmasına dair təşəbbüsə qoşulub. Düşünürük ki, bundan sonra da bu istiqamətdə addım ata bilərik.

Ümumiyyətlə son dövrlərin tendensiyası göstərir ki, atılan addımlar özünü doğruldur. Bu gün biz deyə bilərik ki, neft bazarı nisbətən tarazdır, stabildir. Bu isə böyük nailiyyətdir. O ki qaldı yeni razılaşmaya, dediyim ki, Nazirlər Şurasının iclasında müzakirələr aparılacaq, ötən dövr təhlil olunacaq və gələcək addımlar haqqında da düşünüləcək", - deyə nazir vurğulayıb.

Pərviz Şahbazov bildirib ki, Azərbaycan Respublikasında uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri bir çox mötəbər təşkilatların hesabatlarında öz əksini tapıb. Sözsüz ki, bütün bu islahatlara ölkə başçısı İlham Əliyev rəhbərlik edir. Bu gün dünyada bir çox sahələrdə, o cümlədən energetika sahəsində də çağırışlar var. Bu çağırışların öhdəsindən gəlmək üçün və dinamik dəyişən dünya ilə ayaqlaşmaqdan ötrü hər zaman dəyişikliklərə və islahatlara ehtiyac var. Bizim də qarşımızda konkret hədəflər durub. Bu yolda dəyişikliklərə, islahatlara ehtiyac olduqda, sözsüz ki, onlar həyata keçiriləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...