Ümid edirik ki, Türkiyə dövləti qətiyyətli mövqeyini ortaya qoyacaq AÇIQLAMA

“Zaman-zaman qardaş ölkə Türkiyədə Azərbaycanla olan strateji münasibətlərə xələl gətirmək, iki dost respublikanın maraqlarına zərbə vurmaq kimi hədəflərə hesablanmış təxribatlara yol verilir. Dəfələrlə erməni lobbisinin və ya onun təsiri altında olan təşkilatların vasitəsilə Türkiyə-Azərbaycan münasibətlərinin ruhuna zidd olan hadisələrə rəvac verilib, “bir millət, iki dövlət” fəlsəfəsinə qarşı yalnış davranışlar sərgilənib. Elə Türkiyədən olan bir qrup ziyalının Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi, eləcə də CHP-dən olan deputatların AŞPA-da Azərbaycanın əleyhinə qəbul edilən sənədə səs verməsi deyilən fikirlər baxımdan istisna təşkil etmir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

“Əlbəttə ki, bu cür hadisələr Azərbaycan ictimaiyyətində böyük təəccüb, narahatlıq doğurur və hiddətlə qarşılanır” – deyən Sədaqət Vəliyeva bildirib ki, son bir neçə narahatlıq doğuran hadisələrin baş verməsi Türkiyə ilə Azərbaycan arasındakı mövcud nümunəvi əlaqələrin ruhuna ziddir: “Bu mənada cəmiyyətimiz inanır ki, Azərbaycan üçün ümummilli həssaslığa malik məsələlərdə Türkiyə hökuməti ciddi yanaşma ortaya qoyacaq. Çünki, başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti və ictimaiyyətimiz daim həssas məsələlərdə Türkiyə dövlətinin yanında olub. Elə 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti İlham Əliyev qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyəyə və dövlət başçısına qəti dəstəyini ifadə etdi. Həmçinin, Prezident İlham Əliyevin beynəlxalq tədbirdə Sarkisyanın böhtanlarına cavab olaraq işlətdiyi “Türkiyə burada deyil, amma mən buradayam” ifadəsi bu gün də yaddaşlardadır. Bütün bunları nəzərə alaraq ictimaiyyətimiz ümid edir ki, Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı yönələn istənilən prosesin qarşısının alınmasında qardaş Türkiyə dövləti də qətiyyətli mövqeyini ortaya qoyacaq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə