“Energetiklər peşə bayramına ötən dövrün uğurları ilə hazırlaşırlar” MÜSAHİBƏ

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlının SİA-ya müsahibəsi

- Yəhya müəllim, bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 26-cı ildönümüdür. Energetiklər bu bayramı hansı uğurlarla qeyd edir?
- Bu gün Azərbaycan tarixinin ən əlamətdar hadisəsinə - Dövlət müstəqilliyinin bərpa edilməsinin 26-cı ildönümünə təsadüf edir. Əvvəla, bu münasibətlə hər birimizi təbrik edirəm. Qoy, üçrəngli müqəddəs bayrağımız müstəqil dövlətimizin başı üzərindən daim dalğalansın!
Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bunu qeyd edib. Həmin iclasda sənaye məhsullarının ixracı ilə bağlı rəqəmləri səsləndirərkən elektrik enerjisinin bu ilin səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə artdığını vurğulayıb. Dövlət Başçımızın təşəbbüsü və rəhbərliyi ilə enerji sistemdə son illər həyata keçirilən məqsədyönlü və kompleks tədbirlər nəticəsində ölkəmiz bu il elektrik enerjisi ixracında yüksək göstəricilərə nail olub. Məhz bu il energetiklər özlərinin peşə bayramlarını belə uğurlu göstəricilərlə qarşılayırlar.

- İki gündən sonra ölkə energetikləri peşə bayramlarını qeyd edəcəklər. Ötən illər ərzində hansı layihələr həyata keçirilib?
- Azərbaycan Respublikasının Prezidentinin ölkə energetiklərinin iqtisadiyyatın inkişafında xidmətlərini nəzərə alaraq 2004-cü ildə imzaladığı 446 nömrəli Sərancamına əsasən hər il 20 oktyabr - "Energetiklər Günü" peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar gündə energetiklər respublikamızın müstəqil elektrik enerjisi sisteminin yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə anırlar.
Energetiklər Gününün təsis olunmasından keçən 13 il ərzində ölkəmizdə ən yeni texnologiyaların tətbiqi ilə elektrik stansiyalarının tikintisi, mövcud generasiya müəssisələrinin yenidənqurulması, istehsal güclərinin artırılması, ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində bir sıra iri layihələr icra edilib, ümumi gücü 2300 MVt-dan artıq olan yeni elektrik stansiyası, bir neçə yarımstansiya və elektrik verilişi xətləri istismara verilib. Görülən işlərin mühüm nəticələrindən biri də elektrik enerjisinin istehsalında və ötürülməsində texniki itkilərin əhəmiyyətli dərəcədə azalmasıdır. Bu göstərici 2008-ci ildəki 4,8%-dən 2015-ci ildə 3%-dən də aşağı düşüb. Hazırda respublikanın elektrik enerjisinə olan tələbatının böyük bir hissəsi “Azərenerji” ASC-nin tabeliyindəki ümumi qoyuluş gücü 5 000 MVt-dan çox olan 12 istilik və ümumi qoyuluş gücü 1000 MVt-dan çox olan 12 su elektrik stansiyaları hesabına təmin edilir.
Ölkəmizin sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq, həm generasiya potensialının artırılması, həm də elektrik enerjisinin nəqletmə imkanlarının genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

- Bəs Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin həlli istiqamətində hansı işlər görülür?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. “Azərenerji” ASC bu Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin həlli istiqamətində işlər görür, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün tədbirlər həyata keçirir. Strateji Yol Xəritəsinin Tədbirlər Planı diqqətlə yerinə yetirilir. Strateji Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı aparılmış monitorinq və qiymətləndirmənin nəticələrinə görə, 2017-ci ilin birinci yarısında “Azərenerji” ASC-nin ön sıralarda qərarlaşması buna bariz nümunədir. ASC-nin ilk üçlükdə yer alması və 75% nəticəyə müvəffəq olması bunu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə daha da yüksək nəticələr əldə olunacaqdır.
Hazırda “Şimal” Elektrik Stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik və Yardımlı rayonlarında gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 Mvt gücündə “Yaşma”, 385 Mvt gücündə “Səngəçal-2” istilik-elektrik, həmçinin “Astara-1”, “Masallı”, “Oğuz” kiçik su elektrik stansiyalarının inşası nəzərdə tutulur.
“Azərenerji” ASC-nin çoxsaylı əmək kollektivlərində “Energetiklər Günü” işgüzar əhval-ruhiyyədə qeyd ediləcək, görülmüş işlərə yekun vurulacaq, gələcək fəaliyyət üçün yeni istiqmətlər bir daha dəqiqləşdiriləcək.
Fürsətdən istifadə edərək, Azərbaycan iqtisadiyyatının inkişafında yaxından iştirak edən və ölkəmizin enerji təhlükəsizliyinə töhfə verən energetiklərimizin peşə bayramını təbrik edirəm. Qoy, qarşıya qoyulmuş hədəflərə çatmağa ruh yüksəkliyi ilə nail olsunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə