"Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsi müzakirə edilib

Azərbaycan Respublikasının Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis və qurumun energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börnsün daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.

Nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv tənzimləmə mexanizminin yaradılmasıdır. Bu məqsədlə USAİD-lə birgə “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanma prosesinin tezliklə yekunlaşdırılmasının vacibliyini qeyd edib. O, layihənin ilkin variantının Nazirlikdə müzakirə edildiyini və müəyyən dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qurumun Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis ABŞ hökumətinin ölkəmizin enerji sektorunda fəaliyyət göstərən qurumlarla sıx əməkdaşlıq münasibətlərindən bəhs edərək, Strateji yol xəritəsi çərçivəsində lazımi köməyi göstərməyə hazır olduqlarını deyib. USAİD-in energetika və infrastruktur üzrə Avropa və Asiya bürosunun rəhbəri Stiven Börns isə “Azərbaycanın elektrik enerjisi bazarı” haqqında qanun layihəsinin ümumi strukturu ilə bağlı Energetika Nazirliyinin mövqeyini öyrənib. Ayrı-ayrı maddələrlə bağlı təkliflərin irəli sürülməsindən sonra prosesin qısa bir vaxtda yekunlaşacağını bildirib.

Görüşdə qurumun nümayəndələri ilə birgə müzakirələrin intensiv təşkil edilməsi və on gün müddətində Nazirliyin qanun layihəsi ilə bağlı yekun rəyinin verilməsi razılaşdırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə