Azərbaycan ilin sonuna kimi daha yüksək hədəflərə nail olacaq AÇIQLAMA

“9 oktyabr Prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu iclasda cənab Prezident cari ilin 9 ayında ölkəmizin siyasi, sosial – iqtisadi mənzərəsini konkret statistik rəqəmlərlə diqqətimizə çatdırıb: “Bundan əvvəl həyata keçirilən iqtisadi islahatlar və təsdiq olunan Sərəncamlar Azərbaycanın inkişafında özünü göstərir. Belə ki, qeyri-neft sektoru 2,5 %, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici mal dövriyyəmiz 7%, valyuta ehtiyatlarımız 4,5% artıb, ölkədə 171 min daimi olmaqla 226 min yeni iş yerləri yaradılıb. 2017-ci il ölkəmizdə islahatlar ilidir və belə yüksək iqtisadi inkişaf göstəricilərinə nail olmağımız, düzgün iqtisadi siyasətin aparıldığını göstərir. İqtisadi siyasətimizin təməlində qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkə iqtisadiyyatının neftdən asıllığının aradan qaldırılması dayanır. Düşünürəm ki, cənab Prezidentin müəyyənləşdirdiyi hədəflərin və tapşırıqların icrası ilin sonuna qədər daha yüksək göstəricilərə nail olmağımıza imkan yaradacaq”.

Millət vəkili daha sonra qeyd edib ki, ölkədə sürətli sənayeləşmə prosesi gedir: “Texnoparklar, sənaye zonaları və məhəllələrin tikilib istifadəyə verilməsi daha da sürətlənib. Ölkə başçısı bu prosesin Azərbaycanın bütün rayonlarında icra olunacağını qeyd edib. Bu o deməkdir ki, dövlət hesabına sahibkarlıq inkişaf etdiriləcək, rəqabətqabiliyyətli beynəlxalq standartlara uyğun malların istehsalı genişləndiriləcək və işsizlik poblemi kökündən həll olunacaq. Kənd təsərrüfatında ənənəvi sahələrin yenidən inkişaf etdirilməsi ilə əlaqədar qəbul olunan Dövlət Proqramlarının icrası təbii ki, ölkədaxili təlabatı və yerli istehsalı təmin etməklə idxalın kəskin azalmasına gətirib çıxaracaq. Bu isə Azərbaycan brendi adı altında məhsullarımızın dünya bazarlarına ixrac olunmasına, ölkəyə gələn xarici valyutanın həcminin kəskin artmasına səbəb olacaq. Beləliklə manat sabitləşəcək, möhkəmlənəcək və ölkə iqtisadiyyatı xarici kataklizmalardan tam şəkildə qorunacaq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə