ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 19-20 sentyabrda keçirdiyi iclasının protokolları dərc olunub. SİA xəbər verir ki, protokollara görə, bir çox FED rəsmisi inflyasiyanın uzun müddət aşağı olacağından ehtiyat edirlər.

Bəzi FED rəsmiləri, inflyasiya yüksələnə qədər faizin artırılmasının təxirə salınması lazım olduğunu müdafiə edir. Buna baxmayaraq, FED rəsmilərinin böyük bir qismi, bu ilin sonuna qədər bir dəfə faiz artırmağın zəruri olduğu barədə fikir bildiriblər. Rəsmilər, inflyasiyanın zəif qalmasından dolayı bankın yumşaq pul siyasətini bir az da davam etdirməsi lazım olduğunu qeyd ediblər.

FED keçən ay keçirilən iclasında balansını oktyabr ayında azaltmağa başlayacağını açıqlayıb. İclasda bankın 4,5 trilyon dollarlıq balansının yaxın zamanda azaldılması təsdiq edilib. Bir çox FED rəsmisi, qarşıdakı aylarda qiymətlərdə baş verəcək artımın ötən günlərdə baş verən qasırğaların nəticəsi ola biləcəyini dilə gətirib.

Dollar, üzvlər arasında aşağı inflyasiyanın uzunmüddətli ola biləcəyinə dair narahatlıqları göstərən FED protokollarının dərc olunmasının ardından bir həftənin ən aşağı səviyyəsinə enib. Avro/dollar məzənnəsi yenidən 1.19 səvyyəsinə yaxınlaşıb (Avro bahalaşıb, dollar ucuzlaşıb)

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...