Komitə sədri: "9 ayın yekunları ölkə iqtisadiyyatının inkişafını bir daha göstərmiş oldu" ŞƏRH

“Xatırlayırsınızsa, Dövlət başçısı cari ilin yanvar ayında keçirdiyi müşavirədə qeyd etmişdi ki, bu il ölkəmiz üçün iqtisadi inkişaf ili olacaq. 9 ayın yekunlarına nəzərə saldıqda və Prezident İlham Əliyevin bir neçə gün bundan öncə Nazirlər Kabinetinin müşavirəsindəki nitqindən də məlum oldu ki, respublikamız bu müddət ərzində çox böyük inkişaf yolu keçib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.

Bu müddət ərzində ölkəmizdə qeyri neft sektorunun 2,5, kənd təsərrüfatı 2,8, sənaye 3,1 faiz artdığını deyən komitə sədri bildirib ki, bütün bunlar Azərbaycanın gündən-günə inkişaf etdiyini göstərir: “Digər ölkələrdə qeyri-sabitlik olmasına baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür və bunun nəticəsində də iqtisadiyyatımız inkişaf edir”.

E.İbrahimov bildirib ki, son vaxtlar yaradılan sənaye məhəllələri, aqroparklar kənd təsərrüfatında istehsalın genişləndirilməsinə xidmət edir: “Əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək, ixracat məhsullarını artırmaqdır. Əvvəlki illərlə müqayisədə cari ilin 9 ayı on göstərir ki, Azərbaycanın aqrar sahədə ixracat məhsullarının həcmi getdikcə artır. Bundan başqa pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, çayçılıq eləcə də digər sahələr yüksək səviyyədə inkişaf edir. 2003-cü ildən ölkəmizdə kənd təsərrüfatı sahəsinə çox böyük diqqət göstərilir, sərmayələr yatırılır, investisiyalar qoyulur, fermerlərə subsidiyalar, kreditlər verilir. Bundan başqa fermerlərə yanacaq, texnika və gübrə məsələsində çox böyük güzəştlər edilir ki bunun özü də kənd təsərrüfatı məhsullarının artırılmasında xüsusi rola malikdir”.

Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olduğunu xatırladan deputat söyləyib ki, bu sahədə fermerlər yalnız torpaqların uçotu ilə bağlı kiçik vergi ödəyirlər: “Əgər vergilər ləğv edilməsəydi, o zaman hesablamalara fermerlər dövlətə son 10 ildə 1 milyard 600 milyon manat pul ödəməli idilər. Bunun sayəsində bir çox fermerlər öz təsərrüfatlarını genişləndirib, inkişaf etdirə bilib. Nəticədə də ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artımına səbəb olub”.

E.İbrahimov qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafının əsas məqsədi Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdır: “Düzdür, ölkəmiz neft ölkəsidir və neftimizin qiyməti dünya bazarında artır, bu proses gələcəkdə də davam edəcək. Amma biz neftdən imtina edərək, qeyri-neft sektorunun inkişafına önəm veririk. 9 ayın yekunları bu inkişafı bir daha göstərmiş oldu. Qarşımızda duran digər məsələlərdən biri də məhsullarımızın xarici bazara çıxarılmasıdır. Lakin biz burada təkcə kəmiyyətə deyil, keyfiyyətə də önəm veririk. Bununla bağlı Milli Məclisdə qanun qəbul olunub, dövlət proqramlar hazırlanıb. Artıq bölgələrimizdə iri təsərrüfatlar öz bəhrəsini verməkdədir. Elə təsərrüfatlar var ki, orada hər hektarında 55-60 sentner taxıl götürülür. Bütün bunlar göstərir ki, ölkəmizdə istər aqrar, istər sənaye, istərsə də digər sahələrdə çox böyük inkişaf var. 9 ayın yekunları bunu bir daha sübut etmiş oldu”.

Müəllif: Nailə Məhərrəmova
loading...