Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Saziş bu ildən qüvvəyə minəcək

“Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Saziş bu ildən qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişi şərh edərkən bildirib.

R.Abdullayev xatırladıb ki, beynəlxalq şirkətlərlə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında ilk saziş 1994-cü ildə imzalanıb. Həmin müqavilə xüsusi əhəmiyyət daşıdığına görə, “Əsrin müqaviləsi” adlandırılır və 2024-cü ilə qədər 30 il müddətinə nəzərdə tutulurdu.

“Bildiyiniz kimi, biz müqavilə müddətinin bitməsindən əvvəl yeni müqavilə barədə danışıqlara başladıq, nəticədə fərqli şərtlər üzrə yeni müqavilə imzalandı. Əvvəlki sazişin müddətinin sona yaxınlaşdığını nəzərə alaraq, bütün tərəfdaşlarda yeni uzunmüddətli investisiyalara maraq yaratmaq və bununla yataqların davamlı istismarını təşkil etmək yeni müqavilə üzrə danışıqlara başlanmasının əsas səbəbi olub. Buna görə sona yaxınlaşan müqavilənin yeni uzunmüddətli müqavilə ilə əvəzlənməsi həm Azərbaycanın, həm də tərəfdaşların maraqlarına uyğundur.

Azərbaycan və SOCAR bu gün 1994-cü illə müqayisədə daha geniş maliyyə və texnoloji imkanlara malikdirlər. Bu da öz növbəsində aparılan danışıqların nəticələrinə təsir göstərir. Azərbaycandakı sabitlik və mülayim investisiya iqlimi investorlarda 2050-ci ilə qədər əməkdaşlığımızı davam etdirməyə maraq yaradıb.

İlk müqavilənin imzalandığı dövrdə, 90-cı illərin əvvəlində Azərbaycan öz tarixinin ən gərgin və qeyri-müəyyən dövrünü yaşayırdı. Müstəqilliyimizin ilk günlərindən ölkəmiz Ermənistanın təcavüzünə məruz qalmışdı. Sovet İttifaqının süqutu gənc iqtisadiyyatımızı böhrana bürümüşdü. Qızğın müharibə şəraiti və iqtisadi böhran azmış kimi, ölkəni sarsıdan daxili siyasi çaxnaşmaların sədası da hələ çox uzaqda deyildi. Bütün bu faktorlar investisiya iqliminə mənfi təsir göstərərək, beynəlxalq investorlar üçün ciddi risklər yaradırdı. Həmin dövrdə maliyyə və texnoloji imkanlarımız məhdud olduğuna görə xarici tərəfdaşların dəstəyinə böyük ehtiyacımız var idi. Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, həmin dövrün şəraitinə görə ilk sazişin bağlanması da böyük uğur sayılmalıdır.

Lakin ötən onilliklər ərzində Azərbaycanın iqtisadi potensialının dəfələrlə artması nəticəsində maliyyə və texnoloji imkanlarımız da əvvəlki dövrlə müqayisədə qat-qat artıb. Bu gün SOCAR TANAP kimi nəhəng layihələri artıq operator qismində idarə etməyə, dənizdə müasir özülləri öz imkanları ilə tikib quraşdırmağa və istismar etməyə qadirdir.

Beləliklə, bu gün Azərbaycan daha geniş maliyyə və texnoloji imkanlarından yararlanaraq, tam müstəqil fəaliyyət göstərir. Əlbəttə, SOCAR və Azərbaycanın hazırki mövqeyi və daha geniş olan maliyyə və texniki imkanları aparılan bütün danışıqların nəticələrində öz əksini tapır”, - deyə SOCAR prezidenti bildirib.

Rövnəq Abdullayev, həmçinin məlumat verib ki, bu il Sazişin Milli Məclis tərəfindən təsdiqlənməsi və yeni şərtlərin qüvvəyə minməsi gözlənilir. Yeni müqavilədə mənfəət neftindən dövlətin payı stabil olaraq 75 faiz müəyyən edilib. Bu düstur müqavilənin sonunadək dəyişməz qalaraq, dövlət üçün sabit mənfəət nisbətini təmin edir və buna görə daha məqbuldur. Bununla yanaşı, tərəfdaş şirkətlərin yerdə qalan pay hissəsində SOCAR-ın payının 25 faizə qədər artırılması onu göstərir ki, bu gün SOCAR mənfəət nisbətindən yararlanmaqdan əlavə, həm də müvafiq sərmayə yükünü qaldırmağa qadirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə