Kredit Zəmanəti Fondunun yaradılması nəyi dəyişəcək? ŞƏRH

"Kiçik və orta sahibkarlığın inkişafı kütləvi iş yerlərinin yaradılması və işsizliyin səviyyəsinin aşağı salınmasında daha çevik və effektiv vasitə hesab olunur. Bunun əsas səbəblərindən biri odur ki, Kiçik və Orta sahibkarlıq fəaliyyəti daha çox əmək tutumludur və sadə texnologiyalardan asılıdır. İri sahibkarlıq isə yüksək dəyərli texnologiyalardan istifadə etməyə məhkumdurlar ki, bu da yeni iş yerləri yaratmağın dəyərini artırır". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

O bildirib ki, dünyada bütün həyata keçirilən layihələrin 90%-i kiçik və orta sahibkarlıq subyektləri tərəfindən icra edilir: "Azərbaycan qeydiyyatdan keçmiş sahibkarların 99%-i kiçik və orta sahibarlıq subyektlərinə aiddirlər. Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı mühüm məsələlər öz əksini tapıb".

"Aparılan araşdırmalar göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri təşkilatı və texniki çətinliklərlə yanaşı ən çox maliyyə çətinlikləri ilə üzləşirlər. Ənənəvi maliyyə mənbələrindən (kommersiya bankları) maliyyə vəsaitlərinin çəlb olunması kiçik və orta sahibkarlıq subyektləri üçün bir çox hallarda girov, prosedur və kredit faizi səbəblərindən mümkün olmur. Bir çox hallarda banklar iri sahibkarlıq subyektlərinə tətbiq etdiyi şərtləri (uzunmüddətli maliyyə tarixçələri, müxtəlif maliyyə sənədləri, risklərin qiymətləndirilməsi metodları və s) kiçik və orta sahibkarlıq subyektələrinə də tətbiq edirlər ki, bu da nəticədə kredit sazişlərinin baş tutmamasına gətirib çıxarır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq subyektləri bu çətinliklərlə üzləşirlər. Onlara bu çətinliklərin həllində yardımçı olmaq üçün müxtəlif ölkələrdə dövlət tərəfindən Kredit Zəmanətlər Proqramları (istehsal və ixraca) həyata keçirilir. Aparılmış təhlillər göstərir ki, belə proqramlar çox səmərəli olur və nəticə etibarilə kiçik və orta sahibkarlığın sürətlə inkişafına səbəb olur. Azərbaycan Prezidenti tərəfindən imzalanan fərman ilə Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarlığn inkişafına xüsusi bir təkan verəcək"- deyə, T.Mirkişili vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə