Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?

Bu il Almaniyada seçkilər keçiriləcək. Bəs seçkilər ərəfəsində ölkənin iqtisadi durumu nə vəziyyətdədir? AZƏRTAC rəsmi statistik məlumatlar əsasında Almaniya iqtisadiyyatının vəziyyətini təhlil edib. İlk baxışda hər şey yaxşıdır: iqtisadiyyat inamla inkişaf edir (üstəgəl 2016-cı ildə 1,9 faiz), işsizlik bir neçə on il ərzində ən aşağı səviyyədədir, vergi ödəmələri sel kimi axır, maliyyə naziri isə yeni borclar olmadan keçinir.

Biznes də gələcəyə nikbinliklə baxır, avtomobildən tutmuş əczaçılıq məhsullarına qədər Almaniya istehsalı olan məhsullar xarici ölkələrdə çox yaxşı satılır. İqtisadiyyatın durumu o qədər yaxşıdır ki, bəziləri vergiləri azaltmaq barədə düşünür, digərləri iqtisadi inkişafın nəzarətdən çıxacağından ehtiyat edir.

Bununla belə, ciddi problemlər var: küçələrinin, körpülərinin və məktəb binalarının təcili qaydada təmirə ehtiyacı olan kənd yerlərinin sayı az deyil. Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin sifarişi ilə kütləvi infrastrukturu 2014-cü ildən araşdıran ekspert komissiyasının yekun hesabatında deyilir ki, bu bir növ “Almaniyanın zəif yeridir”.

ADAC deyilən Avtomobilçilər Birliyində hesablayıblar ki, hər gün Almaniya yollarında 1900-dən çox tıxac yaranır. Elə bir gün olmur ki, dəmir yolunda qatarlar gecikməsin, yaxud ləğv edilməsin. Uşaq bağçalarında hər 10 uşaqdan birinə yer çatmır, halbuki bu, hər bir valideynin qanuni hüququdur. 1041 hovuz ya bağlanıb, ya da bağlanmaq ərəfəsindədir.

Həmkarlar ittifaqlarının nümayəndələri şikayətlənirlər ki, dövlətin ictimai ehtiyaclara xərcləri azalır. Dövlət xidmətləri ya özəlləşdirilib, ya onların qiyməti artıb, ya da müxtəlif rüsumlar tətbiq edilib.

Almaniya inkişaf etmiş iqtisadiyyatı olan 35 ölkənin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) digər üzvləri ilə müqayisədə təhsilə xeyli az sərmayə yatırır. İƏİT üzvləri təhsilə ÜDM-nin orta hesabla 5,2 faizini, Almaniya isə yalnız 4,3 faizini sərf edir. Rəqəmsal infrastrukturun inkişafında, ilk növbədə, sürətli internetdən istifadə sahəsində daha əhəmiyyətli fərqlər var. Adi DLS-naqillərlə müqayisədə qoşulmanı təqribən 10 dəfə sürətlə təmin edən optik lifli şəbəkələr İƏİT ölkələrində bütün qoşulmaların, orta hesabla, təqribən 20 faizini təşkil edir. Bu göstərici üzrə liderlər Yaponiya və Koreya Respublikasıdır. Bu ölkələrdə optik lifli şəbəkələr 75 faiz təşkil edir. Skandinaviya və Baltik ölkələri də orta səviyyədən xeyli yüksəkdədirlər. Almaniya 1,6 faizlə onların fonunda çox aciz görünür.

İqtisadiyyatın rəqabətədavamlılığı və açıqlığı ilə bağlı beynəlxalq araşdırmalar göstərir ki, son vaxtlar Almaniya geriləyib və artıq 10 ən qabaqcıl ölkə sırasında deyildir. Orta təbəqə nümayəndələrinin narahatlığı üçün daha çox səbəb var. Müxtəlif hesablamalara görə, artıq 30 ildir onların sayı azalmağa doğru gedir.

Nəhayət, işsizlik üzrə statistika bütün həqiqətin yalnız bir qismini göstərir. Rəsmi məlumata görə, 2017-ci ilin mayında Almaniyada 2,5 milyon işsiz olub və bu da 1991-ci ildən ən aşağı səviyyədir. Eyni zamanda, 6,2 milyon adama müxtəlif dövlət müavinətləri verilir. Onların sırasına dolanışıq üçün kifayət qədər pul qazanmayanlar, habelə belə ailələrdən olan uşaqlar daxildir. 2005-ci ilin iri sosial islahatından sonra müxtəlif sosial müavinət alanların, eləcə də “rəsmi” işsizlərin sayı xeyli azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə