Federal Ehtiyatlar Sistemi (FED) bu həftə uçot dərəcəsini dəyişməyəcək. SİA "Bloomberg" agentliyinin 42 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə istinadən xəbər verir ki, buna baxmayaraq, dekabrda faiz dərəcələrini 0,25% artıra bilər.

Ekspertlərin əksəriyyəti düşünür ki, FED nümayəndələri oktyabrda balansı 4,5 trln. dollardan aşağı salacaq. "Qısamüddətli perspektivdə müvəqqəti faktorlar FED-in bu qərarını ləngidə bilər. Buna baxmayaraq, federal maliyyələşmə dərəcələrinin hədəf aralığının normallaşdırılması dekabrda davam edəcək", - deyə "Bank of the West"in San-Fransiskoda yerləşən ofisinin baş iqtisadçısı Skot Anderson deyib.

İllik müqayisədə avqustda istehlak qiymətləri indeksinin 1,9% artmasından sonra davamlı inflyasiya fonunda FED-in üçüncü dəfə faiz dərəcələrini artırmaması ilə bağlı ehtimallar da zəifləyib. Respondentlərin çox az hissəsi iqtisadi artım və inflyasiyanın əsasən zəifləyəcəyini qənaətindədir.

Ümumilikdə, ekspertlər FED-in 2018-ci ildə üç dəfə faiz dərəcələrini artıracağını düşünür. Uçot dərəcələrinin gələn il ilk artımı iyun ayına təsadüf edə bilər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə