8 rayon şöbəsinin əməkdaşları üçün seminar müşavirə təşkil olunub

Ölkəmizin pensiya qanunvericiliyindəki son dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblərə uyğun təkmilləşməsinə, qabaqcıl dünya təcrübəsi əsasında pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar Masallı rayonunda keçirdiyi seminar-müşavirədə bildirilib. Tədbirdə Fondun Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak edib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr qeyd olunub. Tədbir zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanunu, habelə bu Qanunun tətbiqi ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının konkret fəaliyyət istiqamətləri barədə təqdimat və slaydlar vasitəsilə izahatlar verilib.

Tədbirdə 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin və qeyd olunan vaxtadək istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması barədə məlumat verilib. Həmçinin pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydaları və s. diqqətə çatdırılıb. Seminar-müşavirə sualların cavablandırılması və müzakirə şəraitində davam edib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşlarına izahatlar verilməsi üçün bundan öncə Bakı (Fondun aparatında) və Gəncə şəhərlərində, Xaçmaz rayonunda da seminar-müşavirələr keçirib. Ölkəmizin digər bölgələrində də bu məqsədlə tədbirlərin təşkil edilməsi nəzərə tutulub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə