ABŞ-ın nüfuzlu radio verilişində Bakıda imzalanan yeni Sazişdən danışılıb

ABŞ-da məşhur və geniş auditoriyaya malik Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb. Radio verilişinə, həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb.

Müsahibə zamanı səfir E.Süleymanov sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni Sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstəricisi olduğunu vurğulayıb. Səfir “Əsrin müqaviləsi” ilə neftdən gələn gəlirlər hesabına Azərbaycanın bu gün ölkə və regionda böyük infrastruktur layihələri həyata keçirdiyini və bunun artıq öz bəhrəsini verdiyini söyləyib.

Həmçinin səfir veriliş zamanı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ötən həftə İsrail Dövlətinə səfərindən bəhs edib, bunun iki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsi və praktik əməkdaşlığın təşviqi baxımından vacibliyini söyləyib. Səfər çərçivəsində onun israilli həmkarı ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşünün həm də özlüyündə rəmzi məna daşıdığı bildirilib. Azərbaycanın bu tarixi səfərlə bir daha İsrail ilə olan strateji müttəfiqliyini təkcə sözdə deyil, həm də əməli işdə də göstərmiş olduğunu qeyd edib.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6302587-azerbaijan-in-jerusalem-and-new-york-what-is-to-be-done-elin-suleymanov-azerbaijan-ambassador-to-the-us-elalusa-report-w-malcolm-hoenlein-conf_of_pres internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə