AÇG-də iştirak payları açıqlanıb Rəqəmlər dəyişdi

Azərbaycan hökuməti və SOCAR, BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləri ilə birlikdə bu gün "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişdə iştirak payları açıqlanıb. SİA-nın xəbərinə görə, Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; "Inpex" - 9,31%; "Statoil" - 7,27%; "ExxonMobil" - 6,79%; TPAO - 5,73%; "Itochu" - 3,65% və "ONGC Videsh Limited (OVL)" - 2,31%.

Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün mövcud Hasilatın Pay Bölgüsü sazişi (PSA) 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. Həmin sazişə əsasən BP (operator ) 35,8%, SOCAR 11,6%, "Chevron" 11,3%, "Inpex" 11%, "Statoil" 8,6%, "ExxonMobil" 8%, TPAO 6,8%, "Itochu" 4,3% və "ONGC Videsh Ltd." OVL, 2,7% payla təmsil olunmuşdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə