Berat Albayraq: "TP Azərbaycandakı sərmayələrini artıracaq"

"İdeya Avropa İttifaqının olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub". SİA-nın xəbərinə görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayraq söyləyib.

TANAP-ın gələn il fəaliyyətə başlamasının tarixi hadisə olacağını deyən nazir söyləyib ki, 2019-cu ildə TANAP TAP ilə birləşəcək və Avropa üçün 4-cü strateji qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunə təşkil edib. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq".

B.Albayraq söyləyib ki, "Türk Petrolları" (TP) şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: "TP "Şahdəniz" layihəsində 19 faizdə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə