Almaniyalı investorlar ölkəmizdə özəlləşdirilmə prosesinə maraq göstərir

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında 12 sentyabr tarixində görüş keçirilib. Tədbirin məqsədi ölkədə aparılan özəlləşmə prosesi, prosesə xarici investorların cəlb edilməsi, iqtisadiyyata yatırılan kapitalın həcmində əcnəbi sərmayəçilərin payının artırılması, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə iştirakçıları məlumatlandırmaqdır. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA - ya verilən məlumata görə, özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.

Görüşdə palatanın Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində aparılan islahatlar bu il keçirilən biznes sorğularında yüksək qiymətləndirilib. Azərbaycanda aparılan iqtisadi islahatlar çərçivəsində özəlləşdirilmənin sürətləndirilməsi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, hazırda 120-dən artıq Almaniya və Azərbaycan şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür. Bu tədbirin keçirilməsi də həmin üzvlərin özəlləşdirilmə prosesində daha geniş iştirakına yeni imkanlar açır.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan genişmiqyaslı iqtisadi islahatlar bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident bu islahatların tərkib hissəsi olan dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində də mühüm tapşırıqlar verir. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi prioritet istiqamətlərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi əsas məsələ kimi müəyyən olunub. Eyni zamanda prosedurların elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması başlıca məsələ kimi qarşıya qoyulub. Əmlak Məsələləri Dövlət Komitəsi də sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görür. Bu sahənin modernləşdirilməsində, müasir idarəetmə standartlarının tətbiqində, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilir. Paytaxtda və regionlarda rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir.

Bildirilib ki, özəlləşdirilmiş müəssisələrdə çoxlu sayda iş yerləri yaradılıb, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təmin olunub. Ümumilikdə, özəlləşdirmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb.

İndiyə kimi Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak ediblər.

Komitə tərəfindən ötən ilin sonunda “Özəlləşdirmə portalı” istifadəyə verilib. Məqsəd özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün müvafiq informasiya təminatının yaradılmasıdır. Portalda özəlləşdirilməyə çıxarılan dövlət əmlakları barədə daha geniş və təfərrüatlı məlumatlar təqdim olunur. Portaldan istifadə edənlərin sayı artıq 900 mini ötmüşdür. Bu isə, öz növbəsində, ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə və açıq hərraclara olan marağın göstəricisidir.

Yeni yanaşmalara uyğun olaraq, 40-dan artıq hərrac keçirilib, bu hərraclarda 1400-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Hərracda istənilən şəxs və ya media üzvü iştirak edə bilər.

Görüşdə özəlləşdirmə prosesində daha bir yenilik olan dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsini həyata keçirən elektron hərrac barədə məlumat verilib. Qeyd edilib ki, elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda elektron hərrac vasitəsilə bütün növ dövlət əmlakının özəlləşdirilməsi həyata keçiriləcək.

Xarici investorların ölkəyə cəlb olunması üçün mütəmadi tədbirlər həyata keçirən Komitə bu sahədə yeni layihələr reallaşdırır. Bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə

Komitə ilə Almaniyanın Federal Maliyyə Nazirliyi arasında anlaşma memorandum imzalanıb. Bundan başqa Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əlaqələr qurulub.

Daha sonra Komitənin nümayəndəsi “Azərbaycanda özəlləşdirmə və investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib. İndiyədək ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi, bu sahədə tətbiq olunan yeniliklər barədə danışılıb. Özəlləşdirilməyə açılan yeni müəssisələr, onların perspektivləri, yaranma tarixi, investisiya imkanları, maliyyə göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, həmin müəssisələr sənaye, səhiyyə, nəqliyyat, tikinti, xidmət və digər iqtisadi sahələrə aid olmaqla sərmayəçilər üçün əlverişli biznes qurmaq imkanıdır. Bildirilib ki, xarici investorların cəlb edilməsi məqsədilə ölkəmizdə sağlam investisiya mühiti formalaşıb.

Sonda Komitənin nümayəndələri iş adamlarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...