Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərinin aparılması məqsədilə növbəti seminar-müşavirəni Xaçmaz rayonunda keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, fondun Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı ilə keçən seminar-müşavirədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tapşırıq və izahatlar verilib. Qeyd olunub ki, pensiya qanunvericiliyindəki yeni dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblər əsasında inkişafına, həmin sistemdə sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına yönəlib.

Seminar-müşavirədə sığorta-pensiya sistemində aparılan islahatların mahiyyət və məqsədləri təqdimat və slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, habelə həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması barədə Fondun mütəxəssisləri tərəfindən ətraflı məlumat və izahatlar təqdim olunub. Pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa görə, həmçinin 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası və s. barədə də izahatlar verilib.

Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...