250 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir.

Belə ki, cari ilin ötən dövründə nazirliyin xətti ilə əlavə olaraq 250 nəfər əlilliyi olan şəxs əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Həmin şəxslərdən 180 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Sağlamlıq imkanları məhdud gənclər burada kurslarda olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin olunublar. Qalan əlilliyi olan vətəndaşlar isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə təşkil edilən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər.

Qeyd edilən kurslarda əlilliyi olan şəxslərə komputer istifadəçisi və komputer dizayneri, dərzi, bərbər, toxuculuq, xalçaçılıq, rəssamlıq, tikiş əməliyyatçı mühasib, qənnadçı və s. peşələr öyrədilib. Kursları başa vuranlara peşə sertifikatları verilib və onların yeni yiyələndikləri peşələr üzrə iş yerləri ilə təmin olunmaları üçün nazirliyin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən müvafiq işlər görülüb.

Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri də davam etdirilir. Cari ilin ötən dövründə Xidmətin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri nəticəsində əlavə olaraq 300 nəfərdən çox əlilliyi olan şəxs münasib işlərlə təmin olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə