Əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.

Onlardan 5 250 nəfərdən çox əlilliyi olan şəxsə nazirliyin Bakı şəhərində və respublikamızın ayrı-ayrı bölgələrində yerləşən bərpa mərkəzlərində stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA –ya verilən məlumata görə, mərkəzlərdə qeyd olunan insanların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası üçün onlar fərdi reabilitasiya proqramları əsasında kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinə cəlb olunublar.

Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilənlərin sayı isə 5 714 nəfər təşkil edib. Həmin insanların ehtiyaclarına uyğun olaraq, dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ümumilikdə 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. O cümlədən onlara 411 ədəd əlil arabası, 683 ədəd aşağı və yuxarı ətraf protezi, 1 056 ədəd aşağı və yuxarı ətraf ortezi, 5 236 ədəd müxtəlif reabilitasiya vasitəsi, 4186 cüt protez və ortopedik ayaqqabı, 243 ədəd eşitmə aparatı və s. verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 bərpa-müalicə müəssisəsi əlilliyi olan şəxslərin xidmətindədir. Həmin müəssisələrdə reabilitasiya şəraitinin yüksək standartlara uyğun qurulması istiqamətində də mühüm addımlar atılır. Əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi, 2016-cı ilin dekabr ayında isə Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Hər iki mərkəzdə səmərəli fizioterapevtik müalicə prosedurlarının tətbiqi üçün ən müasir tələblərə uyğun bərpa-müalicə şəraiti yaradılıb. Nazirliyin digər bir sıra bərpa mərkəzlərində də bu istiqamətdə işlər aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə