Deputat: "Aqrar sahənin iqtisadiyyatımızdakı yeri daha da artacaq" MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi məsələsini diqqətdə saxlayır. Prezidentin iştirakı ilə Qaxda keçirilən respublika müşavirəsi bunu bir daha təsdiqləmiş oldu”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlərin olduğunu dilə gətirən deputat söyləyib ki, ölkə başçısının bu sahələrin inkişafı ilə bağlı müvafiq sərəncam və fərmanları aqrar sahədə yüksək nailiyyətlər əldə edilməsinə imkan verəcək:

“Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının potensialı kifayət qədər böyükdür. Görülən tədbirlər sayəsində tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bütövlükdə həyata keçirilən tədbirlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq”.

K. Əliyeva əlavə edib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir: “Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Bir sözlə desək ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə