Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün 9 saylı çənlər parkında “Neft və neft məhsullarının saxlandığı çənlərdə baş vermiş yanğının söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən SİA-ya bildiriblər ki, təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovniki Valid Quliyev rəhbərlik edib.

Təlimin keçirilməsində məqsəd yanğın kəşfiyyatının aparılması, yanğının vəziyyətinin qiymətləndirilməsi, qərarların qəbulu, müvafiq göstərişlərin verilməsi, qüvvə və vasitələrin idarə olunması, yanğının həlledici istiqamətinin müəyyənləşdirilməsi, döyüş sahələrindəki qüvvələrin idarə edilməsi, qonşu sahə rəisləri və əməliyyat qərargahı ilə qarşılıqlı hərəkətlə bağlı qarşıda duran vəzifələrin icrası istiqamətində şəxsi heyətin taktiki hazırlığının yüksəldilməsi olub.

SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyətinin qatıldığı təlimdə şərti yanğın haqqında məlumat daxil olan kimi qəzanın ləğv edilməsi planı üzrə müvafiq hərəkətlər icra olunub. Yanğın hissələri təlim obyektinə gəldikdən sonra yanğınsöndürmə rəhbəri tərəfindən əməliyyat şəraiti qiymətləndirilib və müvafiq qərarlar qəbul olunub, yanğınsöndürmə qərargahı, arxa cəbhə və obyekt rəhbərliyi ilə qarşılıqlı hərəkətlər təşkil edilib. Döyüş tapşırıqları icra olunaraq, yanan 907 saylı və qonşu çənlər soyudulub, köpük hücumu icra edildikdən sonra şərti yanğın söndürülüb.

Yanğın-taktiki təlimində döyüş hərəkətləri zamanı şəxsi heyətin təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılıb. Beləliklə, yanğın-taktiki təlimində qarşıya qoyulan məqsədə tam nail olunub.

Təlimdən sonra əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları dəyərləndirilib, yol verilmiş nöqsanlar müzakirə edilib, belə halların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilib. Təlimin nəticələrinə yekun vurularkən neft çənlərində yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, taktiki imkanlardan maksimum istifadə etməklə onları döyüş hərəkətlərinin həlledici istiqamətlərində operativ olaraq cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icrası ilə bağlı SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin müvafiq qurumları, həmçinin SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün 9 saylı çənlər parkının mühəndis-texniki heyəti qarşısında vəzifələr qoyulub.

Neft Kəmərləri İdarəsinin nümayəndəsi neft sənayesinin yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlərin təşkilinə görə FHN-ə minnətdarlığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə