Vergilər Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Pakistanın ticarət katibi Məhəmməd Yunus Daqhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov Azərbaycanla Pakistan arasında mövcud olan yüksək siyasi əlaqələr və strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin ildən-ilə genişləndiyini və bütün sahələri əhatə etdiyini bildirib.

Nazir müavini ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin bu əlaqələrə xüsusi təkan verdiyini söyləyib və iqtisadi əlaqələrin bir qədər də dərinləşdirilməsi zərurətini vurğulayıb. Bildirib ki, Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib.

Nazir müavini vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviqi, dürüst və şəffaf uçotun qurulmasıdır. Ölkəmizin vergi sistemində aparılan modernləşmə prosesi ilə bağlı qonağı ətraflı məlumatlandıran S. Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan biznesə başlama meyarları sahəsində Dünya Bankının hesabatında yüksək göstəriciyə layiq görülüb.

Pakistanın ticarət katibi Məhəmməd Yunus Daqha Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticari və iqtisadi potensialın yüksək olduğunu bildirib və Azərbaycan-Pakistan investisiya forumunun iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacağını vurğulayıb. Vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunun vergiyə cəlb olunması, biznes, investisiya mühitinin yaxşılaşdırılması, vergi rejiminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də kiçik və orta sahibkarlığa dəstək məsələlərini doğru hədəflər kimi vurğulayıb.

Məhəmməd Yunus Daqha hər iki ölkənin vergi və gömrük xidmətləri arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi aparılmasının da vacibliyini qeyd edib.

Görüşdə yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə