Naxçıvanda ÜDM-in həcmi 1,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadi-sosial inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 1 milyard 208 milyon manatdan artıq olub ki, bu da bir il əvvəlki müvafiq göstəricidən 1,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 2686 manat olub. ÜDM-in tərkibində ilk yeri 30,5 faizlə sənaye tutub və maddi istehsalın payı 57,8 faiz təşkil edib.

2017-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 523 milyon 693 min 400 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96 faizi malların, 4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 23 milyon 250 min 700 manatlıq, qeyri-dövlət sektorunda isə 500 milyon 442 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 95,6 faizi özəl sektorun payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə