Nəqliyyat sisteminde qiymət artmı olmayacaq RƏSMİ

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasından SİA-ya bildirilib ki, narahatçılığa səbəb yoxdur.

Qeyd edilib ki, yalnız Aİ-92 markalı avtomobil benzininin qiymətinin tənzimlənməsi iqtisadiyyatın əsas sahələri, kənd təsərrüfatı və digər istiqamətlər də daxil olmaqla ölkədə qiymət artımına səbəb olmayacaq. Çünki, ictimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna görə bu sahədə qiymətlər sabit qalacaq. Hava nəqliyyatında reaktiv yanacaq istifadə olunur. Dəniz daşımalarında dizel yanacağı işlədilir. Belə ki, kənd təsərrüfatında, kənd təsərrüfatı məhsullarının daşınmasında Aİ-92 markalı benzin istifadə olunmadığına görə bu sahədə qiymət dəyişikliyi baş verməyəcək.

Lakin bununla belə qeyd edilməlidir ki, Aİ-92 markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur

Tarif Şurasından benzinin tarifindəki dəyişikliyin taksi fəaliyyətinə təsiri ilə bağlı bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizel ilə deyil, benzin ilə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək. Deməli bu proses heç bir qiymət artımına gətirib çıxarmayacaq.

İstənilən məhsullarda hər hansı qiymət artımına yol verənlər və vəziyyətdən sui-istifadə edənlərə qarşı müvafiq cəza tədbirləri görüləcəkdir. Aİ-92-nin qiymətinin qalxması yalnız fərdi avtomobilə malik olan şəxslərə təsir edəcək. Bu da həmin şəxslərin daha qənaətçil olmasını, nəqliyyat sıxlığının qismən aradan qalxmasını şərtləndirəcək. Azərbaycanda Aİ-92-nin qiyməti aşağı olduğuna görə həmin məhsulun bəzi hallarda müxtəlif yollarla qonşu ölkələrə daşınması müşahidə olunur ki, hazırkı qiymət tənzimlənməsi də bu prosesin qarşısını alacaqdır. Bunu isə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir.

Digər ölkələrdə həmin markalı benzinin qiyməti Azərbaycandakı yeni qiymətlərlə müqayisədə bahadır. Məsələn, Aİ-92 Gürcüstanda 0,86 dollar, Rusiyada 0,61 dollar, Belarusda 0,59 dollar, Ukraynada 0,98 dollar, Avropa ölkələrində isə daha yüksəkdir.

Qeyd edək ki, Tarif Şurasına hansı səbəblərdən benzin qiymətinin artımına hökumət qərar verib: Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması, benzin ixracından xarici valyuta gəlirlərinin azalması kimi səbəblər də daxildir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə