Nazir Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev Azərbaycan və Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Əbülfəs Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Volfqanq Maniq Almaniya-Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasını təklif edib. Diplomat bu əməkdaşlığın Almaniya və Azərbaycan arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əminliyini bildirib.

Görüşdə qeyd olunan təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə