Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd edilib FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) incəsənət fakültəsinin milli rəqs kafedrasının təşkilatçılığı ilə korifey sənətkar, milli rəqs ustası, səhnə quruluşçusu, baletmeyster və pedaqoq, Azərbaycanın Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbiri keçirilib.

BXA-dan SİA-ya bildirilib ki, tədbiri akademiyanın Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli açaraq Əminə Dilbazinin zəngin həyat və yaradıcılıq yolundan danışıb.

Tədbirdə çıxış edən digər natiqlər sənətkarın məharətlə və böyük şövqlə ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” kim milli rəqslərimizdən, onun “Leyli və Məcnun” operasına, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarına quruluş verdiyi rəqslərdən danışıblar.

Çıxış edənlər görkəmli rəqs ustasının pedaqoji fəaliyyətindən, Azərbaycan Tibb Universitetinin “Çinar” rəqs kollektivinə, müəyyən illər ərzində “Sevinc”, Azərbaycan mahnı və rəqs ansamblına rəhbərliyindən, eləcə də bir sıra xalq rəqslərinə verdiyi quruluşlar barədə danışıblar.

Sonra incəsənət fakültəsinin tələbələrinin ifasında “Turacı”, “Tərəkəmə”, “Naz eləmə” rəqslərini təqdim olunub.

Sonda sənətkarın ailə üzvlərindən nəvələri Cəmin Hacıyev və nənəsinin sənətini davam etdirən Tanrıdan Hacıyeva-Dilbazi çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə