Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İki cahan” adlı sərginin açılışı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova bildirib ki, sərgidə, ümumilikdə, uşaq və yeniyetmə gənclərin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 51 əsəri nümayiş etdirilib.

Əməkdar incəsənət xadimi Vaqif Nəzirov, "Nəsimi” obrazının peşəkar yaradıcısı, rəssam Tofiq Əhmədov, yazıçı-ssenarist Hafiz İnamnəzərli və digər qonaqlar sərgi iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıblar.

Sumqayıt şəhər 26 saylı tam orta məktəbin şagirdlərinin səsləndirdiyi Nəsiminin qəzəlləri tədbirə xüsusi ovqat qatıb.

Bir neçə gün davam edən "İki cahan" adlı sərgidə iştirak edən şagirdlər fəxri fərmanlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə