“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir FOTOLAR

“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir. SİA-nın məlumatına görə, artıq 7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havasını və sehrli əhval-ruhiyyəsini bəxş edir.

Burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər.

Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə “Nargis” Fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlar – uşaq evlərin sakinləri ziyarət edəcəklər.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. 2019-cu ildən etibarən Fond tərəfindən Novruz bayramına həsr olunan yaz yarmarkası - “Torpaq əlimdə, bahar ürəyimdə” təşkil edilir.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yanvarın 13-dək səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə