“Bölgə” teatr truppası fəaliyyət sahəsini genişləndirir FOTO

Kürdəmir rayonunda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Bölgə” teatr truppasının gənc mədəniyyət işçiləri ilə növbəti regional görüşü təşkil edib. SİA-nın məlumatına görə, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 100-dən çox gənc mədəniyyət işçisinin iştirakı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilmiş görüş şəhərin Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbirdə mərkəzin əməkdaşları Hüseyn Məmmədovun truppanın yaranması, mahiyyəti və qarşısında qoyulan prioritetlər haqqında, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilib. Qeyd edilib ki, teatr truppasının yaradılmasında başlıca məqsəd mərkəzin fəaliyyət istiqamətlərini genişləndirməklə teatr sahəsi üzrə də uğurlara imza atmaqdır.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Xəyyam Məlikov çıxışında qeyd edib ki, teatr gənclərin ruhuna dərindən nüfuz etmiş bir aləmdir. Hər səhnəsində bir gözəllik olan tamaşalar yetişməkdə olan gənc nəsli düzgün seçimlər etməyə istiqamətləndirir. Daim öz aktuallığını qoruyan gələcəyə dair hədəfləri və niyyətləri ürəkləri sevincə qərq edir.

Görüşdə Beyləqan Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının bədii rəhbəri Rəqsanə Babayeva çıxış edərək vurğulayıb ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir və bu gün teatr sənətinə maraq göstərən insanların sayı minlərlədir. Yerli və dünya dramaturqlarının əsərlərinin səhnələşdirilməsi teatrsevərlərdə böyük rəğbət yaradır.

Qeyd edək ki, tamaşada truppanın üzvləri olan Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları Nazan Bulacova, Kənan Şəkərov və Şahin İsayevlə yanaşı, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə turnirin qalib komandalarından birinin üzvü Əhsən Qaybalıyev da iştirak edib.

Görüş çərçivəsində aprel hadisələrinə həsr olunmuş “Məzuniyyət” adlı tamaşanın yeni səhnələri nümayiş etdirilib. Həvəskar aktyorların səhnədə canlandırdıqları ailə faciəsi və övladının yoxluğu ilə barışa bilməyən ananın fəryadı tamaşaçıları qəhərə qərq edib.

Truppanın gələcək planlarında yerli və xarici dramaturqların əsərlərindən ibarət tamaşaların regionlarda səhnələşdirilməsi, müxtəlif janrlara müraciət edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, gənc mədəniyyət işçilərindən ibarət olan “Bölgə” teatr truppası Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə