Əlilliyi olan şəxslərin seçim turu keçirilib

Ənənəvi olaraq əlilliyi olan şəxslər arasında keçirilən Ümumrespublika tədbirləri fiziki cəhətdən qüsurlu olan insanların mənəvi dünyasının zənginləşməsinə və onların yaradıcılıq fəaliyyətinin genişlənməsinə kömək edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu baxımdan Şəki şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası” Proqramı çərçivəsində və Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin seçim turu keçirilib.

Müsabiqədə Regionu əhatə edən Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarından olan 18 nəfər iştirakçı vokal, instrumental ifaçılıq, poeziya və bədii qiraət üzrə bacarıqlarını nümayiş etdiriblər. Respublikanın əməkdar artisti, Uşaq Gənclər teatrının bədii rəhbəri İntiqam Həsənlinin sədrliyi ilə 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən çıxışlar izlənilərək, qiymətləndirilib. Seçim turunun yekununa görə yarışmacılardan 5 nəfəri noyabrın 30-da paytaxt Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə