Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı olub.

SİA-nın məlumatına görə, tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq Üzeyir Hacıbəyli və ona həsr olunmuş kitab barədə fikirlərini bölüşüb. Bildirib ki, Üzeyir bəyə həsr olunmuş bu kitab artıq üçüncü dəfə daha təkmilləşmiş şəkildə oxuculara təqdim edilir. Müəllif kitaba yeni faktlar əlavə etməklə onu daha da zənginləşdirib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd edib ki, kitabı oxuduqca Üzeyir bəyin nə qədər çətin bir həyat yaşadığının bir daha şahidi oluruq. Səadət xanım bir müddət bəstəkarın ev-muzeydə işləyib və burada onun arxiv materialları ilə tanış olub. Bu da kitabın yeni faktlarla dolğunlaşmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən digər natiqlər Üzeyir yaradıcılığına nəzər salıb və dahi bəstəkarın irsinin öyrənilməsində kitabın rolunu yüksək qiymətləndiriblər.

Sonra tədbir musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...