Xalq artisti Rasim Abdullayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzinin yeni “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” layihəsinin ilk konserti Xalq artisti Rasim Abdullayevin yaradıcılığına həsr olunub. SİA-nın məlumatına görə, “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” adlı konsert proqramı çərçivəsində violonçel məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Rasim Abdullayevin yaradıcılıq gecəsi keçirilib.

Konsert Xalq artisti Rasim Abdullayev, sənətkarın qızı Ülviyyə Abdullayeva, nəvəsi Anastasiya Mişulanın eləcə də ifaçılar Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayev rəngarəng maraqlı ifaları ilə yadda qalıb. Rasim Abdullayevin tələbələri və gənc ifaçıların təqdimatında A.Piazzola, N.Paqanini, Q.Qarayev, İ.Albeniz və Y.Haydn əsərlərinə özünəməxsus yanaşma tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Hər bir nömrə forma və janr baxımından dinləyicilərə töhfələr bəxş edib.

XX əsrin ən dahi violonçel ifaçılarından sayılan həmyerlimiz Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur. Ömrünü violonçel ifaçılığına həsr etmiş Rasim Abdullayev musiqi ifaçılığı sahəsində yüksək ifa ustalığına nail olmuş və əvəzsiz sənətkar kimi ad qazanmışdır. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin iz qoyaraq və hər konsertdən sonra həm geniş tamaşaçı auditoriyasında, həm də artıq bir çox mükəmməl ifalarla tanış olan dinləyicilərdə ifaçının mənalı ifa tərzi, geniş texniki imkanları həmişə böyük təəssürat yaratmağa nail olub. Xalq artistinin yarsdıcılığına həsr olunan bu proqram da növbəti belə bir unudulmaz musiqi hadisəsinə çevrilə bildi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi musiqinin təbliği baxımından bir çox layihələr həyata keçirir. Bu layihələr sırasında bir neçə janrlara həsr olunmuş muğam, aşıq sənəti, etnik, caz ilə bərabər "Klassik musiqi axşamları" , klassik sənətimizin görkəmli nümayəndələrinin yubiley və yaradıcılıqlarına həsr olunmuş layihələri misal çəkmək olar. Klassik musiqi layihələri çərçivəsində bəstəkarlıq və klassik ifaçılıq məktəbimizin tarixi səhifələri vərəqlənərək gələcək nəslə təbliğ edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...