Lənkəran teatrı bakılılara “Vəfalı Səriyyə”ni təqdim edəcək

Noyabrın 22-dən 30-dək Bakının teatrlarında Cəfər Cabbarlı həftəsi keçiriləcək. SİA-nın məlumatına görə, görkəmli dramaturqun 120 illik yubileyinə həsr olunmuş həftə çərçivəsində Lənkəran Dövlət Dram Teatrı noyabrın 27-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, bu yaxınlarda premyerası keçirilmiş tamaşa həmçinin qonşu Lerik rayonunda da oynanılıb. Cəfər Cabbarlı həftəsindəki təqdimat isə “Vəfalı Səriyyə”nin bir növ Bakı premyerası olacaq.

Əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirlər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə