Mədəniyyət Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Özbəkkino Agentliyinin baş direktorunun müavini Şuxratullo Rizayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Vaqif Əliyev qonaqları salamlayaraq onlara respublikamızda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda mədəniyyət və incəsənətin müxtəlif sahələrinin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Ölkə mədəniyyətinin xaricdə təbliği məqsədilə davamlı olaraq tədbirlər, layihələr reallaşdırılır.

Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazirin birinci müavini bu münasibətləri daha da inkişaf etdirmək üçün böyük perspektivlərin olduğunu deyib. Bu baxımdan qarşılıqlı mədəni tədbirlərin, kino günlərinin, mədəniyyət kollektivlərinin səfərlərinin təşkili xüsusi əhəmiyyətə malikdir.

Şuxratullo Rizayev səmimi qəbula görə minnətdarlığını bildirərək Özbəkistanda kinonun inkişafı və bu sahədə görülən işlərdən söz açıb. Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi”nin keçirilməsindən məmnunluğunu vurğulayıb.

Bildirib ki, “Özbək kinosu həftəsi” çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq, ölkəmizin kino xadimləri ilə görüşlər keçirəcək, kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparacaqlar. Özbəkistan nümayəndə heyətinin həmçinin Şəki Regional Mədəniyyət İdarəsi və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayılı və Qəbələ rayonlarına səfərləri nəzərdə tutulub. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...