Qubada Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd edilib FOTOLAR

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılğı ilə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illik yubileyinə və ədəbi fəaliyyətinin 40 illiyinə həsr olunmuş “Mən kiməm?” adlı ədəbi-bədii gecə keçirilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Xudaverdiyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecəyə toplaşanlar mədəniyyət mərkəzinin foyesində alimin ədəbi-bədii yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər N.Şəmsizadənin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi-tənqidi, ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz fərdi elmi-nəzəri təfəkkürü ilə seçilən, çağdaş alimlər arasında nüfuzu olan, dərin ədəbi, elmi-nəzəri araşdırmalarında zəngin fəlsəfi mühakimələri ilə də elmi-nəzəri dünyagörüşümüzü zənginləşdirən alimdir.

Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatşünaslığlı, tənqidi və fəlsəfi fikri tarixində çoxəsrlik Azərbaycan ədəbi irsini, müasir Azərbaycan ədəbiyyatı tarixini elmi əsaslarla təhlil və tədqiq etmiş alim kimi mükəmməl elmi irsə malikdir. Onun böyük bir dövrü əhatə edən, 40 illik ədəbi, bədii, elmi, ictimai və pedoqoji fəaliyyəti müasiri olan Azərbaycan ədəbiyyatşünasları tərəfindən obyektiv şəkildə təhlil və tədqiqini tapmışdır. 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir.

Gecədə N.Şəmsizadə haqqında vaxtı ilə dəyərli söz adamlarının dediyi fikirlər səsləndirilib, şeirlərindən nümunələr ifa olunub.

Maraqlı konsert proqramı ilə davam edən gecənin sonunda gecənin təşkilatçılarına və iştirak edənlərə öz təşəkkürünü bildirən yubilyar bundan sonra da yeni elmi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə