Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə olunub

"Lendok" Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm fondunun səlahiyyətli rəsmiləri, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları iştirak ediblər.

Görüş zamanı Rusiya Mədəniyyət nazirinin müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışıb. Nazir müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan "Arşın mal alan" filminin müasir kino texnologiyaları vasitəsi ilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu qeyd edib.

Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib. Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında və dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə