Əkrəm Məmmədlinin yubiley gecəsi keçirilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində ustad tarzən, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin 75 illik yubiley və yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, yaradıcılıq gecəsi videorolik şəklində Naxçıvan mahnı və rəqs ansamblının ifasında Əkrəm Məmmədlinin “Naxçıvan süitası”, Cahangir Cahangirov və Tofiq Quliyevin “İlk bahar” musiqilərinin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov qeyd edib ki, Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olur. Onun “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir.

“Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, muğamlarımızın və yallılarımızın nota köçürülməsində Əkrəm Məmmədlinin xidmətləri böyükdür.

Milli Məclisin deputatı Fazil Mustafa ustad tarzənin yaradıcılığı haqqında məlumat verib: “Mən çox şadam ki, bu axşam Əkrəm Məmmədlinin yubiley gecəsinə yüzlərlə insan yığışıb. Əkrəm Məmmədlinin zəngin yaradıcılığını bir neçə sözlə ifadə etmək qeyri- mümkündür. O, gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Əkrəm Məmmədlinin özünün dediyi kimi bu kitabların yazılmasında əsas məqsəd tar musiqi alətində ifa edənlərin texniki imkanlarının cilalanmasına, kamilləşməsinə kömək etməkdir. Söz yox ki, bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir".

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova və Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıBlar.

Daha sonra Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi Cəfərov, Nuriyyə Hüseynova, Muğam Müsabiqəsinin laureatı Sərxan Bünyadzadə və gənc xanəndə Rəvanə Qurbanova tərəfindən musiqi ifaları təqdim olunub.

Xalq artisti Şəfiqə Eyvazova möhtəşəm kamança ifası ilə tədbir iştirakçılarının zövqünü oxşayıb.

Sonda Əkrəm Məmmədli çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...