“İslam sivilizasiyalarının mədəniyyət və irsi" sərgisinin açılışı keçirilib FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində "İslam sivilizasiyalarının mədəniyyət və irsi" adlı sərginin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, sərgi Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində təşkil olunub.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev son illər ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib, bu il də önəmli layihələrə imza atıldığını diqqətə çatdırıb.

Sərginin əhəmiyyətini yüksək qiymətləndirən nazir vurğulayıb ki, burada Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Misir və digər islam ölkələrinin irsinə həsr olunmuş əsərlər, fotolar nümayiş olunur.

İSESKO-nun keçmiş baş katibi Əbdüləziz bin Osman əl Tüveycri çıxış edərək Azərbaycanın islam aləmində önəmli mövqeyindən danışıb. Qeyd edib ki, Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvü kimi bu təşkilatla çox sıx əlaqələrə malikdir: “Bu sərgi bir daha Azərbaycanın dünya mədəniyyətinə, xüsusi ilə də İslam mədəniyyətinə verdiyi önəmi bir daha təsdiq edir. Sərginin təşkilinə görə Azərbaycan hökumətinə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət, Milli Xalça və Musiqi Mədəniyyəti Dövlət muzeylərinin kolleksiyalarından eksponatlar da nümayiş etdirilir. Sərgidə nümayiş olunan fotoların müəllifi Etibar Cəfərovdur. İslam ölkələrinin keçdiyi inkişaf yolu günümüzə qədər çatmış monumental tikililərlə, yadigar qoyduqları qalalar, körpülər, qəsrlər, habelə müxtəlif maddi və qeyri-maddi mədəni irs nümunələri və sənət əsərləri ilə səciyyələnir.

“İslam sivilizasiyasının mədəniyyət və irsi” sərgisində müxtəlif ölkələrdəki İslam memarlıq nümunələrinin fotoşəkilləri təqdim olunur. Məscidlər, türbələr, təhsil ocaqları, kitabxanalar, karvansara və örtülü bazarlar, hamamlar öz inşa prinsipi ilə seçilir.

Müxtəlif xəttatlıq üslubları ilə bəzədilən kitab və əlyazmalar, miniatür əsərləri, memarlıqda divar bəzəkləri, xalça, parça və tikmələrdə istifadə edilən yazılar, bədii metal üzərindəki işləmələrin əksəri sirli İslam fəlsəfəsinin təsirindən bəhrələnən rəmzi məna daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...