“Dastan brendi”nin sənətkarlıq məhsulları "Baku Fashion Expo”da sərgilənəcək

Noyabrın 15-dən 17-dək Bakı Biznes Mərkəzində “Baku Fashion Expo”nun ikinci mövsümü baş tutacaq. SİA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ənənəvi İncəsənət Mərkəzi tərəfindən təqdim olunan “Dastan brendi” tədbirdə öz ənənəvi sənətkarlıq məhsulları ilə çıxış edəcək.

Tədbirdə “Brend”ə aid olan zərgərlik və batika nümunələri xaric olmaqla digər bütün sənətkarlıq məhsulları sərgilənəcək.

Layihəni səciyyələndirən xüsusiyyətləri onun yaradıcılıq və dəb sahəsi üçün maksimim sərbəst platforma kimi xidmət etməsi və özünüifadənin bütün formalarında - müxtəlif sərgi və kompozisiyalar, master-klasslar, dizaynerlər üçün moda nümayişi, salon sənəti və s. bu kimi yaradıcılıq sahəsində sərbəst iştirak imkanları yaratmasıdır.

Layihədə "Fakhriya Khalafova", "Sabina Zulalova", "Gunel Behbudova", "Zumrud Mirzaliyeva", "Natavan Aliyeva", "Gunay Bornak", "Limpero", MMMDN və "Sida" markalarını təmsil edən dizaynerlər iştirak edəcəklər.

Ziyarətçilər layihə çərçivəsində fotosərgi ilə tanış ola, podiumdan birbaşa geyim əldə edə, eyni zamanda, moda dünyasının qabaqcıl peşəkarlarının ödənişsiz ustad dərslərindən yararlana, eləcə də zövq və dəb haqqında maraqlı filmlərə tamaşa edə biləcəklər.

"Baku Fashion Expo" Azərbaycan Dəb Dizaynerləri Assoasiyasının illik layihəsidir və ildə iki dəfə keçirilir. Layihənin təşkilində əsas məqsəd dizaynerlərimizin ölkəmizdə və onun hüdudlarından kənarda özlərini, sənət nümunələrini maksimum şəkildə tanıtmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...