“Haqq mənəm” tamaşasının premyerası olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlər planı çərçivəsində “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Haqq mənəm” layihəsi əsasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birgə hazırlanmış “Haqq mənəm” tamaşasının premyerası olacaq.

SİA-nın məlumatına görə, noyabrın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində təqdim olunacaq tamaşa şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Tamaşada Nəsimi obrazını Natiq Həziyev, Əmir Teymur rolunu Əməkdar artist Rəşid Rzayev canlandıracaq. Digər rollarda Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev, Güney Əliyeva, Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edəcəklər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...