Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb

Milli Kitabxanada “13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür” adlı geniş kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, gözdən əlillərə dövlət tərəfindən göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən, Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə ərzində davam edəcək.

Qeyd edək ki, Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılıb. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün “unsial” adlanan qabartmalı şriftlər yaratmışdır. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da məhz Valentin Qayuninə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...