BMM-in “Aşıq musiqisi axşamları” layihəsinin növbəti konserti

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə reallaşan "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Şirvan aşıqlarının konserti təqdim edilib. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Gecədə Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək Şirvan aşıq məktəbinin keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Layihə çərçivəsində digər aşıq məktəblərinin də ifaçılarının konsertlərinin təqdim olunacağı vurğulanıb. Konsert proqramında Şirvan aşıq məktəbinin nümayəndələrindən - Aqamurad Şirvanlı, Aşıq Abbas Musaxanoqlu, Əvəzxan Xankişiyev, Aşıq Haşım Qubalı, Aşıq Məhəmməd Şirvanlı, İnci Şirvanlı, Aşıq Xamis Xanışoğlu, Aşıq Məharət Habiloğlu, Aşıq Xəyal Niftəliyev və Aşıq Rza Məmmədov bir-birindən gözəl ifaları ilə tamaşaçıların zövqünü oxşayıb

Diqqətə çatdırmaq istərdik ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu layihələrdən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri" ni qeyd edə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...