Özbəkistan-Azərbaycan dostluğuna həsr olunan “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgəncdəki Gənclər mərkəzində bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iki xalq arasında tarixi dostluğa həsr olunan “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.

SİA xəbər verir ki, tədbirdə Xarəzm vilayət hakimiyyətinin nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər, jurnalistlər iştirak ediblər.

Əvvəlcə qonaqlarla Gənclər mərkəzində görüş keçirib.

İştirakçıları Xarəzm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev salamlayaraq Azərbaycan-Özbəkistan dostluğu, vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri haqqında geniş məlumat verib. O, qardaş ölkənin mədəniyyəti və ədəbiyyatı bayramı çərçivəsində vilayətdə çoxlu tədbirlərin keçirildiyini qeyd edib, dövlət başçılarımız arasında səmimi münasibətlərin ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açdığını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, AMM-nin layihəsi ilə vilayətdə keçirilən tədbirlər barədə məlumat verib, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi, habelə milli mədəniyyətimizin qardaş ölkədə tanıdılması və təbliği istiqamətində aparılan işlərdən və həyata keçirilən layihələrdən danışıb.

Sonra iştirakçılara “Dostluq riştələri” adlı sənədli film təqdim olunub. Azərbaycan və özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı, xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapıb.

Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin şanlı səhifələri, hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində dostluq əlaqələrinin möhkəmlənməsi, dövlətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, bu işdə dövlət başçılarının xidmətləri, qarşılıqlı səfərlər, Daşkənddəki Heydər Əliyev küçəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, mərasimdə o zaman Baş Nazir olan Şavkat Mirziyoyevin və Azərbaycan Prezidenti İlham Əliyevin iki xalq arasında dostluq əlaqələrinə dair dəyərli fikirləri, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidələrinin açılışı, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi festivallarında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhfələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.

Filmin ssenari müəllifi AMM-nin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.

Film təqdim edildikdən sonra mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə