Tbilisidə "Azərbaycan və Gürcüstan musiqi mədəniyyətləri" mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

SİA xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliği, ölkə xaricində arxivlərdə muğam sənətimizlə bağlı məlumatların əldə edilməsidir.

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin (BMM) və Gürcüstan Dövlət Folklor Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hər iki ölkənin folklor və milli musiqi mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstan Dövlət Folklor Mərkəzində təşkil edilən tədbiri mərkəzin direktoru Georgi Donadze açaraq, ölkələrimiz arasındakı mədəni əlaqələrdən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi mərkəzlə BMM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd ikitərəfli mədəni əlaqələrin inkişafında hüquqi baza yaradıb. Memorandum birgə konsert, forum, konfrans və dəyirmi masaların təşkili üçün də geniş imkanlar yaradır. Mədəni əlaqələrin daha da inkişaf etdirilməsnin zəruriliyindən danışan G.Donadze deyib ki, rəhbərlik etdiyi qurum bu münasibətlərin genişləndirilməsinə və daha da möhkəmlənməsinə dəstək verməyə hazırdır. Mərkəz direktoru 2020-ci ildə həm Gürcüstan, həm də Azərbaycanda birgə konsert və müxtəlif mədəni görüşlərin planlaşdırıldığını diqqətə çatdırıb.

BMM-in direktoru Murad Hüseynov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək, Mərkəzin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. M.Hüseynov ölkəmizdə muğam sənətinin inkişafında, dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini və Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. Bildirib ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Açılış tədbirində Azərbaycan Prezidenti İlham Əliyev, UNESKO və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

M.Hüseynov vurğulayıb ki, imzalanmış memorandum mərkəzlər arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq. Bildirilib ki, Gürcüstan Dövlət Folklor Mərkəzi ilə faydalı əməkdaşlıq sayəsində ömrünün 30 ilini Tbilisidə yaşayan tanınmış muğam ifaçısı, “Bülbülcan” təxəllüsü ilə tanınan Əbdülbaqi Zülalov haqqında gürcü və Azərbaycan dilində kitab nəşr olunub.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun və BMM-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq muğam və musiqi festivallarında Gürcüstandan olan musiqiçilər də iştirak edir. Direktor, həmçinin Tbilisidə Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rolunu xüsusi qeyd edib.

M.Hüseynov Heydər Əliyev Fondu tərəfindən həm ölkəmizdə, həm də xaricdə təşkil edilən mədəni layihələrdən də söz açıb. O, Azərbaycanda təşkil edilən çoxsaylı musiqi festivalları haqqında məlumat verib və gürcü musiqiçilərini bu festivallarda fəal iştiraka dəvət edib.

Gürcüstan Xalq Mahnıları və Musiqi Alətləri Muzeyinin direktoru Revaz Kodrikadze çıxışında Azərbaycan mədəniyyəti barədə fikirlərini bölüşüb, Şuşa musiqi məktəbinin yetirmələrinin Gürcüstanda da yaxşı tanındıqlarını bildirib. O, XIX əsrdə Bülbülcan, Xan Şuşinski, Sadıqcan və digər muğam ustalarının Gürcüstanda çox sevildiyini deyib.

Dəyirmi masanın iştirakçıları tədqiqatçı-alim Gülhüseyn Kazımov Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi köklərinin, XIX əsrin əvvəllərində Azərbaycan muğam ifaçısı Bülbülcan, Səttar və tarzən Sadıqcanın, eləcə də Seyid Şuşinskinin yaradıcılığının müəyyən bir hissəsinin Tbilisi həyatı ilə bağlı olduğunu vurğulayıb və Azərbaycanın muğam sənətində iz qoyan bu şəxsiyyətlərin mədəni əlaqələrimizin inkişafına böyük təkan verdiklərini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam və poeziya mövzusunda çıxışında Azərbaycan şairlərinin Tbilisi ilə bağlı yazdıqları şeirlərdən danışıb. Bildirib ki, muğam ifaçıları kimi şairlərimizin, qələm adamlarımızın da bir çoxunun həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub. Əliağa Vahid, M.Ş.Vazeh, Abbasqulu Ağa Bakıxanov və digər görkəmli şairlərin Tbilisi ilə bağlı şeirlərindən misallar çəkilib.

Tbilisi Dövlət Konservatoriyasının əməkdaşı Nino Gambaşidze, Gürcüstan xalq mahnı və alətləri Dövlət Muzeyinin əməkdaşı Ketevan Bayaşvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən, aşıq sənəti və folklor nümunələrindən danışıb, fikirlərini bölüşüblər. Bildirilib ki, iki xalq tarixən hər zaman bir-birinə yaxın olub və mədəniyyətləri bölüşüblər. Bu gün biz bu qarşılıqlı münasibətlərin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi üçün bütün imkanlardan istifadə etməliyik.

Dəyirmi masa tarixi köklər, musiqi sahəsində araşdırmalar, arxiv sənədlərində qorunan tarixi mənbələrin açılması kimi mövzularda müzakirələrlə davam edib.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə tədqiqatçı-alim Gülhüseyn Kazımovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə