“YARAT”ın “Yenə o bağ olaydı” səyyar sərgisi bu dəfə Mingəçevirdə açılıb

“YARAT” Müasir İncəsənət Məkanı Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.

SİA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova sərginin qurum tərəfindən Mingəçevir şəhərində təşkil edilən sayca dördüncü sərgi olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, “YARAT” Müasir İncəsənət Məkanının 2016-cı ildə Qax Dövlət Rəsm Qalereyasında təşkil etdiyi “Zamanın izləri” və 2018-ci ildə Qazax Dövlət Rəsm Qalereyasında, 2019-cu ildə isə Gəncə şəhərindəki Məhsəti Gəncəvi Mərkəzində təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgilər incəsənət həvəskarlarının böyük marağına səbəb olub. Budəfəki sərginin proqramına isə “YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.

Şəhər icra hakimiyyətinin rəsmisi Tofiq Əskərov respublikamızın böyük elm və mədəniyyət mərkəzlərindən olan Mingəçevir şəhərində belə sərgilərin təşkilinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, sərginin təşkilinin əlamətdar hadisə olduğunu vurğulayıb. İcra hakimiyyətinin rəsmisi sərginin Mingəçevir şəhərində təşkilinə görə, “YARAT”ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Sərginin kuratoru Anna Fech sərgi haqqında qısa məlumat verib. Bildirib ki, məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Diqqətə çatdırılıb ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.

Sərginin açılışı zamanı ziyarətçilər “Üçüncü cənnət” simvolunu canlı əks etdiriblər. Simvol üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyadakı Mikelancelo Pistolettonun büzməli kartondan hazırlanmış məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili “mən”ini, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə olunub. Burada rəssam öz yaradıcılıq metoduna sadiq qalaraq, əsərlərinin bir hissəsi olan ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edib.

Rəssam Etibar İsmayılov əsərində “arzular quyusu” yaradıb və onun istifadəsinə dair şifrələnmiş dildə təlimat təqdim edib. Hərflər düzgün ardıcıllıqla yazılmasa da, insan beyni bu sözləri düzgün formada qavraya bilir. Rəssam bu əsərdə quyunun formasını neft çəlləyi ilə əvəzləyir və bu quyuya atılan “qəpiklər” qara mayeyə düşərək yox olur.

Rəssam Mousa Bəyzadənin əsərində XVIII əsrdə öz gizli dövrünü yaşamış, bahalı fotoşəkil və portret rəsmləri ilə müqayisədə sevilən alternativ olan kağız kəsimi sənətindən istifadə edilir. Nüfuzlu konqresmenlərdən adi fəhlələrə qədər portret hamı üçün əlçatandır.

Rəssam Nəzrin Məmmədova “Dağlarla söhbət” video və səs instalyasiyası əsərində Altıağac-Xızı bölgəsi boyunca təbiət mənzərələrinin araşdırılması, təbiət səslərinin dinlənilməsi və yazılmasını əhatə edən eksperimentin aparılmasına xeyli vaxt sərf edib. Bu əsər dağların həmişə mövcud olan təbii geofoniya (bioloji olmayan) və biofoniya (bioloji) səsləri ilə yanaşı, təyyarə səs-küyü kimi xarici təsirlərin birləşərək, həmin ərazi üçün xüsusi akustik mühitin əldə edildiyi “rezonans” konsepsiyasına əsaslanır.

Vüsalə Ağarazıyevanın “Tərəzi” əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəssam tərəzinin bir gözünə kiçik elektron cihazlar, digər gözünə isə qum tökməklə öz “balansı”nı və konsepsiyanı vizuallaşdırır.

Günay Əliyevanın “Həyat market” əsəri İosif Brodskinin məşhur “bizim yaratdıqlarımız etiraflarımızdan daha çox özümüzdən danışır” kəlamından ilhamlanan qəbz formasında rəssamın həyatına nəzər salır.

Rəssam Leyli Qafarovanın “Qılman” adlı multimedia layihəsi hollandiyalı filosof Mixael Lizinberqin fəal siyasi və ya inqilabi zorakılıq deyil, əksinə, öz sehri, təmkinliyi, tolerantlığı ilə təmsil olunan İslam dünyasının “sakit qüvvəsi” ilə bağlı nəzəriyyəsinə istinad edir.

“Yenə o bağ olaydı” sərgisi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə