“Qlobal həftə” günləri başlayır

Meksikanın “Qlobal həftəsi” çərçivəsində bütün dünyada, o cümlədən Azərbaycanda keçirilən tədbirləri ölkəmizin xaricdəki icmasının möhkəmlənməsinə və bu mədəniyyətin təbliğ olunmasına yönəlib.

SİA-nın məlumatına görə, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mədəniyyətini təcəssüm etdirən “Qlobal həftə” silsilə tədbirlərindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

“Əlbəttə ki, bir həftə ərzində hər il Meksikada keçirilən “Ölülər günü” qeyd də olunacaq. Bu gündə meksikalılar ölülərin qəbirlərini ziyarət edir, müxtəlif şənliklər qururlar. Qəbirlərin yanında altarlar qoyulur üzərinə şokoladdan hazırlanmış insan kəllə sümüyü, müxtəlif şirniyyatlar, rəhmətə gedən insanın şəkilləri, vaxtilə sevdiyi yeməklər, tekila və digər şeylər düzülür. Bütün bunlar mariaçi musiqisi ilə müşayiət olunur. Çünki “Ölülər günü” kədər deyil, sevinc, xoş ab-hava günüdür”, -deyə R.Labardini bildirib.

Səfir həmçinin qeyd edib ki, tədbir çərçivəsində Bakının bəzi ali məktəblərində, “Ləndmark”da o cümlədən Meksika səfirliyində belə altarlar hazırlanacaq.

“Volgafilm” şirkətinin Azərbaycan üzrə direktoru Faiq Kazımov tədbir çərçivəsində nümayiş olunacaq meksikalı rejissor Karlos Qutiyerez Medranonun uşaqlar üçün çəkdiyi “Ölülər günü” cizgi filmindən söhbət açıb. Bildirib ki, filmin baş qəhrəmanı Selma həyatdan köçən valideynlərini vaxtında tanımasa da dostları vasitəsilə onların başına gələn hadisəni öyrənməyə çalışır. Ümid edir ki, “Ölülər günü”ndə onlar diriləcəklər. “Bu film Meksika mədəniyyətini tanımaq istəyənlər üçün gözəl vasitədir. Ümid edirəm ki, izləyəcəyiniz bu cizgi filmindən yalnız müsbət təəssüratlarla ayrılacaqsınız”, -deyə F.Kazımov əlavə edib.

Bir həftə ərzində qonaqlar həmçinin Meksika mətbəxi ilə də tanış olmaq imkanı əldə edəcəklər. Meksikalı baş aşpaz Manuel Ruelas bişirəcəyi təamlar haqqında məlumat verib: “Burada məqsəd “Ölülər günü”ndə Meksika mətbəxini nümayiş etdirməkdən ibarətdir. Mən 15-dən artıq milli xörəklərimizi bişirəcəyəm. Onlardan bəziləri sırf olaraq ritual xarakteri daşıyır və yalnız “Ölülər günü” ilə bağlıdır. Bu zaman iştirakçılar Meksika milli mətbəxinə daha yaxın olacaqlar. Qeyd etmək istərdim ki, bişirəcəyim xörəklərin ərzaqları Meksikadan gətizdirilib”.

Bildirilib ki, aşpaz Meksikanın Qastronomiya Universitetində təhsil alıb, buna görə də ölkəsinin qida ənənələrinin mahir bilicisidir.

Tədbir çərçivəsində qonaqlar oktyabrın 28-dən “Ləndmark” otelin Salo restoranında bir həftə ərzində Meksika təamlarının dadına baxmaq fürsəti qazanacaqlar.

“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva bildirib ki, “Qlobal həftə”nin son tədbiri “Gənclik metrostansiyası”nda “Frida və Diyeqo: yolun yarısında bir təbəssüm” adlı fotosərginin açılış mərasimi ilə bitəcək. Minlərlə metro istifadəçiləri Meksikanın iki görkəmli rəssamı Diyeqo və Frida Kalonun yaradıcılıq və gündəlik həyatını əks etdirən fotoşəkillərini seyr edə biləcəklər.

“Çox zaman rəssamın çəkdiyi rəsmlər bizə onu yaxşı tanımağa kifayət etmir. Frida Kalo çətin bir həyat yaşayıb və çox güclü bir qadın olub. Onun həyat yoldaşı ilə sevgisi isə sanki bir sənət əsəridir. Bu sərgi cəsur insanların dəlisov sevgindən bəhs edir”, -deyə L.Babayeva əlavə edib.

Qeyd edək ki, sərgidə rəssam cütlüyünün 90 fotoşəkil sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...