Dram Teatrının baş rejissoru mükafatlandırılıb

Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Füzuli Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Asif Əhməd oğlu Şirinov Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

SİA-nın məlumatına görə, 2019-cu il avqust 31-də Asif Əhməd oğlu Şirinov anadan olmasının 60 ili tamam olub. Asif Şirinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, 1989-cu ildən Füzuli Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

2007-ci ildən teatrın baş rejissoru vəzifəsində çalışan A.Şirinov “Qarabağım qan ağlar” (A.Səfərli), “Yağışdan çıxdıq yağmura düşdük”, “Daldan atılan daş topuğa dəyər”, “Adı var, dadı yox”, “Müsibəti-Fəxrəddin” (N.Vəzirov), “Bəndalı bəndə düşüb” (S.Axundov), “Tamahkar”, “Şahsənəm və Gülpəri”, “Eşq və intiqam” (S.S.Axundov), “Vicdanın hökmü”, “Xəcalət” (H.Mirələmov), “Unuda bilmirəm” (İ.Əfəndiyev), “Kamança” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Varlı qadın” (Ə.Əmirli), “5 manatlıq gəlin” (M.S.Ordubadi), “Ana abidəsi” (T.Məmmədov), “Çimnaz xanım yuxuda” (S.Rüstəm), “Subaylarınızdan görəsiniz” (İ.Məlikzadə), “Olmadı elə, oldu belə”, “Özümüz bilərik” (Ş.Qurbanov), “Qatil” (Elçin) tamaşalarına quruluş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə